
Babək rayonunun Güznüt kəndində Vətən müharibəsi şəhidi, leytenant Ramil Qurban oğlu Əliyevin əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib. Şəhidin məzarı ziyarət olunub, üzərinə tər qərənfillər düzülüb, ruhuna dualar oxunub.
Tədbirdə çıxış edən Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov Vətən uğrunda canından keçən qəhrəmanların xalqımızın qürur mənbəyi olduğunu vurğulayıb. O bildirib ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşən igid oğullarımızın qəhrəmanlığı heç vaxt unudulmur:
“Şəhidlərimizin hər biri xalqımızın milli ruhunun, Vətən sevgisinin və yenilməz iradəsinin simvoludur. Onların keçdiyi şərəfli yol gənclərimiz üçün əsl vətənpərvərlik məktəbidir.”
İcra başçısı qeyd edib ki, şəhid ailələrinə göstərilən diqqət və qayğı dövlətimizin ən ali dəyərlərindən biridir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinin daim qayğı ilə əhatə olunması bu siyasətin ardıcıl və səmimi şəkildə davam etdiyini göstərir.
Tədbirdə çıxış edənlər şəhid Ramil Əliyevin döyüş yolundan, igidliyindən və vətənpərvərliyindən danışıblar. Onun fədakarlığı, mərdliyi və Vətənə sədaqəti Babək gəncləri üçün örnək kimi dəyərləndirilib.
Şəhid Ramil Qurban oğlu Əliyev 22 mart 1996-cı il tarixdə Babək rayonunun Güznüt kəndində anadan olmuşdur. Ailədə iki qardaş olan Ramil Əliyev 2003–2011-ci illərdə Güznüt kənd tam orta məktəbində, 2011–2014-cü illərdə Heydər Əliyev adına Hərbi Liseydə, 2014–2018-ci illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil almışdır.
Vətən müharibəsinin ilk günlərində, sentyabrın 28-də Ramil Füzuli döyüşləri zamanı şəhid olmuşdur. Ölümündən sonra ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif olunmuşdur.
![]() |
![]() |