Babək şəhərində Vətən müharibəsi şəhidi, gizir Ümid Bahadur oğlu Novruzlunun əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib. Şəhidin məzarı ziyarət olunub, üzərinə tər qərənfillər düzülüb, ruhuna dualar oxunub.
Tədbirdə çıxış edən Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov Vətən uğrunda canından keçən qəhrəmanların xalqımızın qürur mənbəyi olduğunu vurğulayıb. O bildirib ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşən igid oğullarımızın qəhrəmanlığı heç vaxt unudulmur:
“Şəhidlərimizin hər biri xalqımızın milli ruhunun, Vətən sevgisinin və yenilməz iradəsinin simvoludur. Onların keçdiyi şərəfli yol gənclərimiz üçün əsl vətənpərvərlik məktəbidir.”
İcra başçısı qeyd edib ki, şəhid ailələrinə göstərilən diqqət və qayğı dövlətimizin ən ali dəyərlərindən biridir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinin daim qayğı ilə əhatə olunması bu siyasətin ardıcıl və səmimi şəkildə davam etdiyini göstərir.
Tədbirdə çıxış edənlər şəhid Ümid Novruzlunun döyüş yolundan, igidliyindən və vətənpərvərliyindən danışıblar. Onun fədakarlığı, mərdliyi və Vətənə sədaqəti Babək gəncləri üçün örnək kimi dəyərləndirilib.
Şəhid Ümid Bahadur oğlu Novruzlu 7 iyun 1992-ci il tarixində Babək qəsəbəsində anadan olub. Ailədə iki bacının bir qardaşı olan Ümid 1998–2009-cu illərdə Babək qəsəbə tam orta məktəbində təhsil alıb, 2010–2011-ci illərdə hərbi xidmətini başa vurub.
Vətən müharibəsi başladıqdan sonra döyüş yoldaşları ilə birlikdə torpaqlarımızın azad olunmasında yaxından iştirak edən Ümid Novruzlu 2020-ci il noyabrın 7-də Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin sərəncamları ilə gizir Ümid Novruzlu ölümündən sonra “3-cü dərəcəli Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhid Ümid Novruzludan geriyə Bahadur adlı oğlu və Nilay adlı qızı qalıb.