Babək rayonunda sahibkarlıq və infrastruktur layihələri sürətlə inkişaf edir

Babək rayonunda sahibkarlığın inkişafı diqqət mərkəzindədir. Bu sözləri Ovni Muradov sahibkarlarla keçirilən görüşdə səsləndirib.

Babək Rayon İcra Hakimiyyətinin başçısı bildirib ki, 2025-ci ildə Babək rayonunda ümumi məhsul buraxılışı 267 milyon manatdan artıq olub. Sənaye, kənd təsərrüfatı, ticarət, tikinti, nəqliyyat və digər sahələrdə əldə olunan nəticələr iqtisadi fəallığın artdığını göstərir. Hazırda rayon üzrə 4 mindən artıq sahibkarlıq subyekti fəaliyyət göstərir.

Qeyd olunub ki, Babək rayonu Muxtar Respublikanın kənd təsərrüfatı məhsulları ilə təminatında aparıcı rola malikdir, həm dənli bitkilərin, həm də meyvə-tərəvəz və bostan məhsullarının tələbatının ödənilməsində mühüm paya sahibdir.

Eyni zamanda, 2026-cı ilin yanvarından etibarən vergi güzəştləri 10 il müddətinə tətbiq olunacaq, bu da sahibkarlığın inkişafına əlavə təkan verəcək. Vergi güzəştləri sahibkarların maliyyə imkanlarını genişləndirəcək, yeni müəssisələrin yaradılmasına və mövcud bizneslərin böyüməsinə şərait yaradacaq.

Rayon üzrə torpaq fondunun böyük hissəsi əkin üçün yararlıdır və burada taxıl, tərəvəz və bostan əkinləri aparılır. Heyvandarlıq sahəsi də inkişaf edib, həm iribuynuzlu, həm də xırdabuynuzlu heyvanlar saxlanılır.

Görüşdə həmçinin Babək rayonunda enerji, təhsil və suvarma sistemlərinin yenilənməsi layihələri barədə məlumat verilib. Xüsusilə, Araz-1 və Araz-2 nasos stansiyaları və təzyiqli boru xətti tikilir, yollar təmir olunur və açıq hava idman meydançaları quraşdırılır. Hacıvar kənd tam orta məktəbi istifadəyə verilib, Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəbdə tikinti işləri davam etdirilir.

Sonda vurğulanıb ki, Babək rayonunda sosial-iqtisadi inkişaf və sahibkarlığın dəstəklənməsi bundan sonra da dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri olaraq qalacaq.