Babək rayonunda ərazi mülki müdafiə dəstələri ilə xəbərdarlıq və toplanış üzrə nümunəvi məşq keçirilib

Babək Rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə rayonda fəaliyyət göstərən hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələri ilə xəbərdarlıq və toplanış üzrə nümunəvi məşq keçirilib.

Təlimə mülki müdafiə xidmətlərinin rəis və komandir heyəti, idarə, müəssisə və təşkilatların nümayəndələri, eləcə də ictimai asayişin mühafizəsi, yanğın təhlükəsizliyi, tibb, rabitə və xəbərdarlıq, elektrik və qaz qəza xidmətlərinin şəxsi heyəti və texnikaları cəlb olunub.

Məşq zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin fövqəladə hal barədə vaxtında xəbərdar edilməsi, “xəbərdarlıq toplanışı” siqnalı ilə qaldırılması, toplanma məntəqəsinə yürüşün təşkili, şəxsi heyətin tam tərkibdə toplanması və idarəetmənin həyata keçirilməsi üzrə fəaliyyətlər yoxlanılıb. Eyni zamanda xidmət sahələri üzrə funksional vəzifələrin icrası ilə bağlı məruzələr dinlənilib, qüvvə və vasitələrin hazırlıq səviyyəsi qiymətləndirilib.

Cəlb olunmuş şəxsi heyət qarşısında çıxış edən Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Emin Məmmədxanlı bildirib ki, bu cür məşqlərin keçirilməsi fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd olunub ki, məşqin əsas məqsədi hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin operativ reaksiya imkanlarının yoxlanılması, böhran vəziyyətlərində birgə fəaliyyətin uzlaşdırılması, komandir-rəis heyətinin idarəetmə bacarıqlarının təkmilləşdirilməsi və şəxsi heyətin praktiki vərdişlərinin artırılmasıdır.

Sonda məşqin ümumi təhlili aparılıb, aşkar edilən çatışmazlıqlar diqqətə çatdırılıb və müvafiq tapşırıqlar verilib.