Babək rayonunda 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir keçirilib

Babək Rayon Mədəniyyət Sarayında 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov çıxış edərək qeyd edib ki, 8 Noyabr – Zəfər Günü xalqımızın qəhrəmanlıq salnaməsinin zirvəsidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Azərbaycan Ordusunun rəşadəti sayəsində torpaqlarımız işğaldan azad olunub, dövlətimizin gücü və xalqımızın birliyi bütün dünyaya nümayiş etdirilib.

Ovni Muradov bildirib ki, bu gün ölkəmizdə şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı dövlət siyasətinin prioritet istiqamətidir. “Biz Zəfəri bizə bəxş edən şəhidlərimizin və qazilərimizin qarşısında hər zaman baş əyirik. Onların qəhrəmanlığı Azərbaycan xalqının əbədi qürurudur”, – deyə icra başçısı vurğulayıb.

Tədbirdə həmçinin çıxış edənlər – rayonun ziyalıları, şəhid ailələrinin üzvləri və gənclər 8 Noyabr Zəfərinin tarixi əhəmiyyətindən, xalqımızın milli həmrəyliyindən və Prezident İlham Əliyevin qətiyyətli siyasətindən danışıblar.

Zəfər Gününə həsr olunmuş tədbir çərçivəsində Babək rayonunun məktəbliləri və mədəniyyət müəssisələrinin əməkdaşları tərəfindən hazırlanan ədəbi-bədii kompozisiya nümayiş etdirilib, “Qələbəyə aparan yol” adlı foto və sənədli materiallardan ibarət sərgiyə baxış keçirilib.