Babək Rayon İcra Hakimiyyəti yanında İctimai Şura təsis olunub və fəaliyyətə başlamışdır. Təşkilatın yeni sədr, müavin və katibi seçilmişdir.
Tədbirdə Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov çıxış edərək İctimai Şuranın fəaliyyətinin əhəmiyyətini diqqətə çatdırmışdır. O, vurğulamışdır ki, vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti və dövlət orqanları ilə ictimaiyyət arasında səmərəli əməkdaşlıq münasibətlərinin qurulması Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Rayon rəhbəri qeyd etmişdir ki, İctimai Şura dövlət-vətəndaş münasibətlərinin möhkəmlənməsinə, şəffaflıq və ictimai nəzarətin təmin olunmasına mühüm töhfə verməlidir.
Daha sonra Babək Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Emin Məmmədxanlı çıxış edərək bildirmişdir ki, yeni formalaşan Şura qarşıya qoyulan vəzifələrin icrasında daha fəal olmalı, ictimaiyyətin mövqeyini və təkliflərini vaxtında toplayaraq operativ şəkildə icra strukturlarına çatdırmalıdır. O qeyd etmişdir ki, Şuranın fəaliyyəti şəffaflıq, operativlik və məsuliyyət prinsiplərinə əsaslanmalı, dövlət orqanları ilə vətəndaşlar arasında qarşılıqlı etimadın güclənməsinə xidmət etməlidir. Birinci müavin həmçinin vurğulamışdır ki, İcra Hakimiyyəti ilə İctimai Şura arasında əməkdaşlıq daim inkişaf etdirilməli, bu əməkdaşlıq Babək rayonunun sosial, iqtisadi və mədəni həyatında müsbət nəticələrə yol açmalıdır.
İclasda digər çıxış edənlər də yeni seçilən sədr, müavin və katibə fəaliyyətlərində uğurlar arzulamış, Şuranın gələcək fəaliyyət istiqamətləri barədə fikir mübadiləsi aparmışlar. Tədbir zamanı İctimai Şuranın fəaliyyəti haqqında, o cümlədən ictimaiyyətlə əlaqələrin daha sıx qurulması istiqamətində maarifləndirmə tədbirlərinin genişləndirilməsi ilə bağlı ətraflı müzakirələr aparılmışdır.
Sonda yeni rəhbərlik seçilmiş Şura üzvləri dövlət-vətəndaş münasibətlərinin inkişafı, ictimai nəzarətin gücləndirilməsi və ictimaiyyətin maraqlarının qorunması istiqamətində fəal işləyəcəklərini bəyan etmişlər.