27 sentyabr 2025-ci il tarixində Babək Rayonunda 27 sentyabr – Anım Günü qeyd olunub...

27 sentyabr 2025-ci il tarixində Babək şəhərinin mərkəzi meydanında yerləşən şəhidlər abidə-memorial kompleksində Anım Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon idarə, müəssisə və təşkilat rəhbərləri, Naxçıvan MR Ali Məclisinin deputatları, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak ediblər.

Tədbir əvvəlcə şəhidlərin əziz xatirəsinin yad edilməsi ilə başlayıb. İştirakçılar abidə önünə gül dəstələri qoyaraq, qəhrəmanlarımızın xatirəsini böyük ehtiramla yad ediblər. Daha sonra bir dəqiqəlik sükut elan olunub və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov şəhidlərimizə Allahdan rəhmət, ailələrinə isə səbr diləyib. O, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən Müharibəsində qəhrəmanlıq göstərmiş oğullarımızın, şəhidlərimizin və qazilərimizin döyüş yolundan söz açaraq, onların hər birinin bir qəhrəman olduğunu vurğulayıb. İcra başçısı bildirib ki, bu gün hər bir vətəndaş onlarla fəxr edir və qürur duyur.

Tədbirdə digər çıxış edənlər qeyd ediblər ki, 27 sentyabr – Anım Gününün dövlət səviyyəsində qeyd olunması şəhidlərimizin müqəddəs xatirəsinə göstərilən ən ali ehtiramın ifadəsidir. Onlar bildiriblər ki, ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı müvafiq Sərəncam yalnız bir tarix deyil, həm də gələcək nəsillərə vətənpərvərlik ruhunun aşılanması baxımından mühüm əhəmiyyət daşıyır. Çıxışlarda vurğulanıb ki, şəhidlərin qanı bahasına qazanılmış bu böyük Zəfər Azərbaycan xalqının birliyinin, dövlət-xalq həmrəyliyinin və ordumuzun gücünün nəticəsidir.